BƏYANATLAR

________________________________________________________________________________________

VHP Gənclər təşkilatı AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının həbsiylə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

«Bəlli olduğu kimi, AXCP Gənclər Təşkilatının üzvü, Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi Cabbar Savalanlı narkotik ittihamı ilə Sumqayıt şəhər Polis idarəsi tərəfindən saxlanılmışdır.

VHP Gənclər Təşkilatı olaraq bu ittihamı böhtan adlandırır və C.Savalanlının həbsini siyasi sifariş hesab edirik. Son illərin təcrübəsi göstərir ki, hakimiyyət siyasi baxımdan fəal olan və müxalif mövqe nümayiş etdirən insanlara qarşı repressiya siyasəti yürüdür və həmin insanları cəmiyyətdən təcrid etmək üçün müxtəlif yollara əl atır. Bu yollardan biri də ictimai fəallıq göstərən şəxslərin cibindən «narkotik» tapılmasıdır. C.Savalanlının «satış məqsədi olmadan narkotik maddə gəzdirməsi» də belə bir ittihamdır. Məqsəd insan haqlarını boğmaq, siyasi fəallıq göstərən insanların səsini kəsmək, onları müxtəlif vasitələrlə cəmiyyətdən uzaqlaşdırmaqdır.

VHP Gənclər Təşkilatı olaraq bu bəyanatla tələb edirik ki, Cabbar Savalanlı dərhal azadlığa buraxılsın, onu şərləyən polis işçiləri cəzalandırılsın, aidiyyatı qurum rəhbərliyi baş vermiş bu biabırçılığa görə rəsmi şəkildə üzr istəsin!».

________________________________________________________________________________________

İctimai Palata Cabbar Savalanlıya azadlıq tələb edir :

İctimai Palatanın Koordinasiya Şurası AXCP-çi gənc fəal Cabbar Savalanlının həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Cabbar Savalanlının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunaraq haqqında iki aylıq həbs qətimkan tədbiri seçilməsini İctmai Palata kəskinliklə pisləyir.
Palata baş verənləri birmənalı şəkildə ölkə vətəndaşlarının hüquq və azadlıqlarına yönələn represiya kimi dəyərləndirir. Gənc fəalın narkomaniya ilə hər hansı bağlılığını inkar edərək bəyan edir ki, onun hədəflənməsi aktiv etirazçı mövqeyi, siyasi əqidəsi ilə bağlıdır.

Müşahidələr göstərir ki, Cabbar Savalanlı saxlandığı andan prosedur pozuntularla üzləşib. O ilk andan vəkillə təmin olunmayıb, yaxınları həbslə bağlı bilgilındirlməyib, ifadələr fiziki və mənəvi təzyiqlər altında alınıb. Bütün bunlar Cabbar Savalanlıya qarşı qərəz olduğunu sübut edir.
İctimai Palata siyasi motivlə gerçəkləşdirilən bu həbsi avtoritar rejimin öz dayaqlarını gücləndirmək üçün cəmiyyətdə qorxu yaratmaq, insanları fəal vətəndaş mövqeyindən çəkindirmək istəyi ilə əlaqələndirir.

İctimai Palata hakimiyyəti dərhal yol verdiyi səhvi düzəltməyi, Cabbar Savalanlını dərhal azad etməyi, ölkədə siyasi fərqlilikliyə dözümlə yanaşmağı tələb edir”.

________________________________________________________________________________________

Amnesty İnternational təşkilatı Jabbar Savalanın həbsi və Elçin Həsənovun polisə çağrılması ilə bağlı verdiyi bəyanatında bildirib :

Amnesty İnternational təşkilatı Jabbar Savalanın həbsi və Elçin Həsənovun polisə çağrılması ilə bağlı verdiyi bəyanatında bildirib.

Amnesty İnternational deyir ki, hakimiyyətin Azərbaycanda söz azadlığı mühitini növbəti dəfə məhdudlaşdırmaq cəhdlərindən, təşkilatın təbirincə, ənənəvi mediadan əlavə onlayn fəaliyyətinə təzyiqlər etməsindən narahatdır.

20 yaşlı tələbə Cabbar Savalan fevralın 5-də Sumqayıtda həbs olunub. O, Facebookda Azadlıq Meydanında Yaxın Şərq üsyanlarından ruhlanaraq etiraz nümayişlərinin təşkil olunmasına çağırmışdı.

Amnesty İnternational qeyd edir ki, həbsindən bir ay öncə Cabbar Savalan Türkiyə mətbuatında Azərbaycan prezidentini tənqid edən yazını öz Facebook səhifəsinə yerləşdirmişdi. O, həmçinin yanvarın 20-də hökumətə qarşı etirazlarda iştirak edib.

Nümayişlərə çağırışı fevralın 4-də Facebookda yerləşdirdikdən sonrakı gecə o, partiyanın toplantısından qayıdarkən polis tərəfindən saxlanıb. O, toplantıda olarkən polis onun evini axtarıb və bunun üçün əlində anonim məlumat olduğunu bildirib.

Vəkili Əsəbəli Mustafayev deyir ki, polis Cabbar Savalanın qollarını bağlayıb və həbsi və yaxud evinin axtarılması ilə bağlı izahat vermədən onu polis maşınına mindirib.

Amnesty İnternational bəyanatında deyir ki, sonra Cabbar Savalanın üzərində polis məntəqəsində axtarış aparılıb və polis iddia edir ki, paltosunun cibindən 0.74 qram marixuana tapıb.

Anonim məlumata əsasən axtarış apardığını desə də, polis nə Cabbar Savalana, nə də onun vəkilinə gəncin üzərində marixuana olmasına və yaxud onu kimə ötürəcəyinə dair məlumata necə sahibləndiklərinə dair heç bir məlumat verməyib.

Amnesty İnternational deyir ki, Cabbar Savalanın ailəsi və dostları onun heç zaman narkotikadan istifadə etmədiyini söyləyirlər. Onun vəkili müstəqil narkotika müayinəsi aparılmasını tələb edib.

Amnesty International bildirib ki, Cabbar Savalanı siyasi fəaliyyətinə görə cəzalandırmaq və digər gəncləri öz ifadə azadlıqlarından istifadə etmələrindən çəkindirmək üçün narkotika ittihamlarından bəhanə kimi istifadə olunur. Əgər müqəssir bilinərsə, Cabbar Savalanı 3 ilədək həbs cəzası gözləyir.

Təşkilat Cabbar Savalanın vəkilinə istinadla deyir ki, polis onu şillələyib və etiraf etməsi üçün hədə-qorxu gəlib. Amnesty bildirir ki, məlumata görə, polis ona cəzasının artıq “yüksək səviyyədə” qərara alındığını deyib.

Fevralın 7-də Sumqayıt şəhər məkhəməsi Cabbar Savalana məhkəməyədək 2 aylıq həbs cəzası verib.

Amnesty xatırladır ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvüdür və Avropa Məhkəməsi məhkəməyədək həbs cəzasına yalnız fərdi azalığa üstün gələ bilən spesifik göstərici olduğu halda haqq qazandırıla bilər.

Bunu əsas tutan Amnesty İnternational deyib ki, o Azərbaycan hökumətini Cabbar Savalanın həbsinə haqq qazandıran dəlillər ortaya qoymağa. əks halda onu dərhal azad etməyə və beynəlxalq ədalətli məhkəmə standartları əsasında məhkəməsinin keçirilməsinə çağırır.

Amnesty həmçinin deyir ki, Xalq Cəbhəsinin gənclər qrupunun digər bir üzvü Elçin Həsənov fevralın 9-da Sumqayıt polis şöbəsinə çağrılıb və Facebook-da yerləşdirdiyi şərhlərə görə sorğu-sual edilib.

Öz Facebook postlarında o, gəncləri Cabbar Savalanın həbsilə bağlı tədbirlər görməyə çağırıb. Amnesty deyir ki, polis ondan Facebookdakı şərhlərini pozmağı və üzr istəməyi tələb edib. Elçin Həsənov isə bunu etməyib.

Amnesty İnternational bəyan edib ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyəti tez-tez zorakılığa məruz qalır və onlara öz işlərini görməyə mane olunur, və bəzən bu polisin aşırı gücü vasitəsilə edilir.
________________________________________________________________________________________

CABBAR SAVALANIN HƏBSİYLƏ BAĞLI EUROADIN BƏYANATI :

İnformasiya texnologiyalarının inkişaf etməsiylə qloballaşan dünyanın hər bir yanına demokratik cərəyanlar artıq keçmişə nəzərən daha sürətlə yayılmaqdadır. Buna baxmayaraq hələ də bu cərəyanların önünə sədd quran, öz xalqına düşüncə həbsi yaşadan rejimlərin olması olduqca təəssüfləndirici bir haldır.Son 30 ildə bir çox avtoritar, totalitar və bənzəri diktatura rejimlərinin yıxılmasının, sarsılmasının, böyük zərbə almasının şahidi olmuşuq, olmaqdayıq.
Qloballaşan dünya artıq növbəti demokratiya dalğasına hazırlaşır.

Bütün bunlara baxmayaraq, hələ də sərtlikdən istifadə edən rejimlərin gələcək mövcudluğunun sual işarəsi olması hər kəsə məlumdur.

Öz xalqı tərəfindən dəstəklənməyən iqtidar, gec-tez məhvə məhkumdur və süquta uğrayacaqdır.Biz bunun son nümunələrini keçən ay Tunisdə və Misirdə gördük. Əslində bu ölkələrdə baş verənlər, bənzər rejimlərin idarə etdiyi ölkələr üçün dərs olmalıdır.

Bu mənada çox təəssüflə qeyd etmək lazımdır ki, biz 18 ildir Azərbaycanda hakimiyyətdə olan bir iqtidardan müsbətə doğru irəliləyiş görmürük, əksinə hər gün söz və vicdan azadlığının, müstəqil mətbuatın və insan hüquqlarının vəziyyətinin pisləşdiyinə şahid oluruq.

Son olaraq gənc fəal Cabbar Savalanın bütün əxlaq normalarından uzaq bir şəkildə, saxta ittihamla həbs olunması qəbul edilməzdir.

Ölkədən kənarda yaşayan azərbaycanlılar, bu və buna bənzər hadisələrə görə, hazırkı rejimin Azərbaycanın dünyadakı imicinə vurduğu zərbəni daha yaxından hiss edirlər, utanc hissi keçirirlər.

Bütün bunları əsas alaraq, Avropadakı siyasi mühacir və müstəqil azərbaycanlılar adından Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda (EUROAD) təşkilatı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanın qeyri-etik yolla həbs edilməsini pisləyir və gənc fəalın dərhal azadlığa buraxılmasını tələb edir.
________________________________________________________________________________________

“Dalğa” GH Cabbar Savalanlının həbsini pisləyən bəyanat verdi !

Dalğa Gənclər Hərəkatı AXCP Gənclər Komitəsinin fəalı Cabbar Savalanlının həbsini pisləyən bəyanat yayıb. Hərəkat bəyanatda dövlət qurumlarını ədalətli qərar verməyə çağırıb.

“5 Fevral 2011-ci ildə polis tərəfindən şərlənərən, narkotik saxlama kimi qondarma ittihamla həbs edilən AXCP Gənclər Komitəsinin fəalı Cabbar Savalanlının saxlanılmasını, məhkəmənin 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçməsini qəti şəkildə pisləyirik.

Hesab edirik ki, bu hadisə Azərbaycanda gənclərin siyasi baxışlarının formalaşmasının qarşısını alan bir addımdır. Bu olay ətrafında bütün ictimai aktiv gəncləri həmrəy olmağa çağırırıq. Dalğa Gənclər Hərəkatı olaraq daim insan haqlarının keşiyində durmuşuq. Hər zaman bu cür halların baş verməsini pisləmişik. Bu cür hallar Azərbaycan Respublikasının gənclər siyasətinə, ölkənin beynəlxalq nüfuzuna, gənclərin dövlətə olan inamına və gənclərlə dövlətin arasındakı əlaqədə uçurumun yaranmasına gətirib çıxarır.

Ümid edirik ki, məhkəmə absurd ittihamla saxlanılan gəncin azad olunması barədə ədalətli qərar çıxaracaq. Əks təqdirdə, biz hərəkat olaraq haqqın öz yerini tapması üçün bütün resurslarımızı səfərbər edib, konstitutsiya ilə bizə verilmiş hüquqlardan istifadə edərək vətəndaşlıq vəzifəmizi yerinə yetirəcəyik.

Dalğa Gənclər Hərəkatı olaraq Cabbar Savalanlının Hüquqlarının Müdafiə Komitəsinə üzv olmağımız və orda aktiv fəaliyyət göstərməyimiz barədə qəti qərar veririk.”

________________________________________________________________________________________

SAMA AXCP üzvünün həbsini pisləyib :

AXCP gənclər komitəsinin üzvü Cabbar Savalanın asaxlanılmasını araşdıran Siyasi Azadlıqların Müdafiə Alyansı ciddi prosedur pozuntulara yol verildiyini bildirir.
Baş verənləri siyasi ayrı-seçkilik kimi qiymətləndirən SAMA Cabbar Savalanın ictimai fəaliyyətinə görə saxlandığını bildirir, ona qarşı irəli sürülmüş ittihamı pisləyir.

Fevralın 5-ində Sumqayıtda polisin saxladığı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu məddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu barədə Azadlıqradiosuna Sumqayıt Polis İdarəsindən məlumat verilib.

Cabbar Savalanın vəkillərinin AzadlıqRadiosuna dediyinə görə, çoxsayılı cəhdlərinə baxmayaraq Sumqayıt polisi onlara müdafiə etdikləri şəxslə görüşünə icazə verməyib. Cabbar Savalanı iki vəkil, Əsabəli Mustafayev və Anar Qasımov müdafiə edir. Vəkil Əsabəli Mustafayev deyir ki, bu ciddi qanun pozuntusudur. Hazırda vəkillər yaranmış vəziyyətlə bağlı Sumqayıt Şəhər Prokuruluğuna müraciət hazırlaylırlar.

***

Fevralın 5-i axşam saatlarında AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan Sumqayıtda həbs edilib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, onun üstündən 0, 17 qram narkotik maddə tapıldığı bildirlir.

Hazırda o Sumqayıt Şəhər Polis idarəsində saxlanılır.

Əbülfəz Qurbanlının bildirməsinə görə, «20 Yanvar» hadisələrinin 21-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət zamanı polislə müxalifətçilər arasında baş verən qarşıdurmadan sonra o izləndiyini deyirmiş.

«Biz fevralın 5-də partiya gənclər komitəsinin müşavirəsini keçirdik, o da bizimlə idi. Sonra Norveç İnsan Haqları evində bir filmə baxdıq və o, Sumqayıta evə getdi. Bu gün tezdən eşitdik ki, onun cibinə narkotik maddə atıb həbs ediblər. O siyasi proseslərdə çox fəal idi. Hər gün bizimlə bir yerdə olurdu. Onun narkotik maddə istifadəçisi kimi saxlanması tamamilə yersiz bir məsələdir. Cabbar Savalan partiyaya yeni üzv olub və fəallığı ilə seçilən gəncdir. Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin dördüncü kursunda oxuyur»

Əbülfəz Qurbanlı Cabbar Savalanın cibindən narkotik maddə çıxmasını qurama məsələ sayır.

«Bu birbaşa bizim gənclər komitəsinin və Cabbar Savalanın fəallığı ilə bağlıdır».

Cabbar Savalan 1991-ci ildə Sumqayıtda anadan olub.

Sumqayıt şəhər polis idarəsindən Cabbar Savalanın ötən gecə saxlandığını təsdiqləyiblər. Amma polis idarəsi əlavə məlumat verməkdən imtina edib.
________________________________________________________________________________________

Advertisements
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: