Sumqayıt məhkəməsi önündə Cabbara dəstək aksiyası
“Hamımız Cabbarıq, hamımız narkomanıq” 
Sumqayıt Şəhər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının saxlanılan zaman hüquqlarının pozulması, vəkillə təmin olunmaması, dindirilərkən psixoloji təzyiqə məruz qalmasına dair şikayətə baxış baş tutmayıb. Fevralın 14-də, saat 17.00-a təyin olunan proses fevralın 17-nə təxirə salınıb. Vəkil Anar Qasımovun sözlərinə görə (“Media forum”), səbəb Cabbar Savalanlını məhkəmə zalına gətirilməməsi olub: “Eyni zamanda biz işə baxan hakimə öz etirazımızı bildirdik. Çünki o, Cabbar Savalanlı haqqında həbs qətimkan tədbirinin seçilməsinə qərar verən Elman Məmmədov idi”.
Məhkəmə baş tutmasa da, Cabbar Savalanlının müdafiəsi məqsədilə təşkil olunan aksiya baş tutub. Sumayıq Şəhər Məhkəməsinin yaxınlığındakı parkda keçirilən aksiyanı AXCP Gənclər Komitəsi təşkil etmişdi. Aksiya iştirakçıları “Biz istəmirik çörək, tiryək, tiryək, tiryək gərək”, “Hamımız Cabbarıq, hamımız narkomanıq” yazılmış plakatlar və Cabbar Savalanlının fotolarını qaldırıblar. Aksiya dinc şəkildə keçib, saxlanılan olmayıb.
Cabbar Savalanlının hüquqlarını müdafiə komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, onlar hər həftə Cabbarla bağlı aksiya, müxtəlif tədbirlər keçirməyi planlaşdırırlar.


Comments